2018-01-19
20 Yanvar şəhidlərinin xatirəsi Efiopiyada da yad edilib

Efiopiyanın mötəbər təhsil ocaqlarından olan Milli Liderlik İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Müstəqilliyə gedən yol, Qanlı Yanvar” mövzusunda açıq mühazirə təşkil edilib.

Mühazirədə İnstitutun müəllim və tələbə heyəti, o cümlədən yerli media nümayəndələri iştirak ediblər.

Mühazirədə çıxış edən Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev 20 Yanvar gününün Azərbaycan xalqının tarixində şanlı səhifə olduğunu və hər bir azərbaycanlının bu günü qürur hissi ilə yad etdiyini diqqətə çatdırıb. Səfir qanlı faciədən dərhal sonra ulu öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verməsini, təcavüzə kəskin etirazını bildirməsini, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etməsini xüsusi vurğulayıb.

Ulu öndər Heydər Əliyevin hər zaman Azərbaycan xalqının yanında olduğunu qeyd edən səfir E.Abdullayev Ümummilli Liderin müdrik, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyinin qorunub saxlanıldığını, ölkəmizin inkişaf etdiyini və dünyanın diqqət mərkəzinə çevrildiyini bildirib.

Elman Abdullayev bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyada artıq öz yüksək standartları ilə tanındığını və bütün sahələrdə dünya ölkələrinin etibarlı tərəfdaşına çevrildiyini qeyd edib. Sürətlə inkişaf edən Azərbaycanın müasirlik və tolerantlıq diyarı olduğunu, müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini və dünyanın bütün yerlərindən milyonlarla insanın ölkəmizi ziyarət etdiyini deyən səfir dövlətimizin başçısı İlham Əliyevin müasir, güclü və müstəqil Azərbaycanın daha da inkişafında və parlaq gələcəyinin təmin olunmasında gənclərimizin rolunu yüksək qiymətləndirdiyini, onlara hər zaman yüksək diqqət və xüsusi qayğı göstərdiyini, insan kapitalının inkişafı və savadlı gənclərin yetişdirilməsi üçün strateji, uzunmüddətli və davamlı addımlar atdığını efiopiyalı gənclərin diqqətinə çatdırıb.

E.Abdullayev minlərlə afrikalı tələbəni yetişdirən və onlara müxtəlif sahələrdə təhsil verən Azərbaycanın bu gün də dünya ictimaiyyəti ilə öz yüksək standartlarını bölüşməyə hazır olduğunu qeyd edib. O, Azərbaycanın Ümumdünya “Ekspo-2025” sərgisinə ev sahibliyi etməsi üçün məhz “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusunu seçdiyini vurğulayıb. Bu il Afrika İttifaqında “Gənclərə Sərmayə Qoyulması” mövzusu olduğunu nəzərə alaraq, təhsilin inkişafında və gənclərin yetişdirilməsində Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Tədbirin sonunda səfir E.Abdullayev 20 Yanvar faciəsi ilə bağlı yerli mətbuat nümayəndələrinə müsahibə verib.

növbəti xəbər əvvəlki xəbər