2018-05-29
Əddis-Əbəbədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi təntənəli şəkildə qeyd olunub

Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfirliyi tərəfindən paytaxt Əddis-Əbəbədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş rəsmi ziyafət təşkil olunub. Rəsmi ziyafətdə Efiopiyanın yüksək vəzifəli şəxsləri, o cümlədən sabiq Baş nazirin müşaviri Fasil Nahom, Afrika İttifaqı Komissiyasının rəsmiləri, Efiopiya və Afrika İttifaqı yanında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və diplomatlar, ölkənin aparıcı media nümayəndələri, digər beynəlxalq təşkilatların təmsilçiləri, yerli iş adamları və ölkəmizin ali təhsil müəssisələrini bitirmiş efiopiyalı məzunlar iştirak ediblər.

Ziyafət iştirakçıları əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr edilmiş fotomateriallardan ibarət sərgi ilə tanış olublar. Xalq Cümhuriyyətinin təsisçilərinin görüşlərini, Müstəqillik Bəyannaməsini və digər tarixi fotoşəkilləri əks etdirən sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Tədbirdə çıxış edən səfir Elman Abdullayev dünyanın hər yerində azərbaycanlıların 28 mayı Respublika Günü kimi qeyd etdiklərini bildirərək, Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli demokratik respublika olduğunu, bütün ölkə vətəndaşlarına bərabər hüquqların, o cümlədən qadınlara seçki hüququnun dünyanın bir çox dövlətlərdən öncə verildiyini və müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu vurğulayıb. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay yaşamasına baxmayaraq, bir çox uğurlara imza atdığını diqqətə çatdırıb. O, çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, Ermənistanın beynəlxalq ictimaiyyətin mövqeyinə qarşı hörmətsizlik nümayiş etdirdiyini qeyd edib, Azərbaycanın 20 faiz torpaqlarını hələ də işğal altında saxladığını, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərini yerinə yetirmədiyini və 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün öz tarixi torpaqlarına dönə bilmədiklərini söyləyib. Səfir əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasət nəticəsində bu gün ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutduğunu deyib və müasir müstəqil ölkəmizin iqtisadi inkişafı, sabitliyi və tarazlaşdırılmış xarici siyasəti haqqında məlumat verib.

Ziyafətdə çıxış edən Efiopiyanın sabiq Baş nazirinin müşaviri Fasil Nahom bu gün Azərbaycan ilə Efiopiya arasında münasibətlərin sürətlə inkişaf etdiyini və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş ziyafət ölkəmizdən gələn sənətçilərin ifasında musiqi proqramı ilə davam edib.

Tədbir çərçivəsində ölkəmizin mədəniyyətindən, təbiətindən, iqtisadi uğurlarından, ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərdən bəhs edən videoçarx nümayiş olunub.

Milli mətbəximizin təamları ziyafət iştirakçılarına təqdim edilib.

Tədbir yerli media qurumlarının diqqət mərkəzində olub.

növbəti xəbər əvvəlki xəbər