2018-07-02
Azərbaycanla Efiopiya arasında əməkdaşlıq potensialı müzakirə olunubAzərbaycanla Efiopiya arasında əməkdaşlıq potensialı müzakirə olunub

Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayevin Efiopiya Xarici İşlər Nazirliyinin dövlət naziri Afevork Kassu ilə görüşündə ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün mövcud olan böyük potensialın tam şəkildə istifadəsi məqsədilə səylərin artırılmasına dair razılıq əldə olunub.

2017-ci ildə xarici işlər naziri Elmar Məmmədyarovun Əddis-Əbəbəyə səfəri zamanı Azərbaycan ilə Efiopiya arasında Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyətini qeyd edən səfir sözügedən sənədin ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün vacibliyini vurğulayıb.

E.Abdullayev son zamanlar Efiopiyanın Şərqi Afrika regionunda sülhün və sabitliyin əldə olunmasında aparıcı rolunu qeyd edib.

Söhbət əsnasında səfir “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi barədə məlumat verib, 2019-cu ildə Efiopiya və bütün Afrika qitəsi üçün xüsusi önəm daşıyan Qoşulmama Hərəkatına sədrliyin Azərbaycan Respublikasına keçəcəyini həmsöhbətinin diqqətinə çatdırıb. O, həmçinin ötən əsrin 60-cı illərindən başlayaraq efiopiyalı tələbələrin Azərbaycanda təhsil aldığını qeyd edib və bu ildən də efiopiyalı tələbələr üçün Azərbaycan Respublikasının müxtəlif ali təhsil müəssisələrində təhsil alması üçün şəraitin yaradıldığını bildirib.

Dövlət naziri A.Kassu Efiopiya ilə Azərbaycan arasında münasibətlərin müxtəlif sahələrdə inkişaf etdirilməsində ölkəsinin maraqlı olduğunu bildirib. Azərbaycanın dinamik inkişafı barədə məlumatlı olduğunu qeyd edən dövlət naziri son vaxtlar Efiopiyada aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatının azərbaycanlı iş adamları üçün cəlbedici ola biləcəyini bildirib, kənd təsərrüfatı, yüngül sənaye və digər sahələrin investisiyalar üçün hazır olduğunu qeyd edib. O, həmçinin Azərbaycanın turizm sektorunun inkişafında zəngin təcrübəyə malik olduğunu, bu təcrübənin öyrənilməsinin Efiopiya üçün önəmli olduğunu deyib, azərbaycanlı turistlərin Efiopiyaya dəvət edildiyini bildirib.

 

növbəti xəbər əvvəlki xəbər