2018-07-26
Azərbaycan enerji sahəsində təcrübəsini Afrika İttifaqı ölkələri ilə bölüşməyə hazırdır.

Energetika naziri Pərviz Şahbazovla Afrika İttifaqı Komissiyasının infrastruktur, enerji, İKT və turizm üzrə komissarı xanım Amani Abu-Zeydin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Təmsil etdiyi qurumun enerji sahəsində prioritetlərini açıqlayan komissar Afrika İttifaqı ölkələrində sənayeləşmənin inkişafında enerji ilə tam əhatə olunmanın vacibliyini qeyd edib. Bu məqsədlə Amani Abu-Zeyd Azərbaycanın enerji sektorunun bütün istiqamətləri üzrə əldə etdiyi təcrübə və əməkdaşlıq perspektivləri ilə maraqlanıb.

Pərviz Şahbazov Azərbaycanın neft-qaz ölkəsi kimi keçdiyi yola diqqət yönəldərək, enerji sektorunun ölkə iqtisadiyyatının inkişafına verdiyi töhfələrdən danışıb. Beynəlxalq neft-qaz şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması ilə başlayan əməkdaşlığın karbohidrogen resurslarının işlənməsi və qərb bazarlarına çıxarılması, qlobal enerji layihələrinin həyata keçirilməsində rolundan bəhs edib. Elektrik enerjisi sektorunda aparılan islahatlar, bərpaolunan enerji mənbələrindən istifadə istiqamətində planlaşdırılan tədbirlər, eləcə də ölkənin qazlaşdırılması və elektrik enerjisi ilə təchizatı ilə bağlı məlumatlar qonağın diqqətinə çatdırılıb. Gürcüstan, Türkiyə kimi ölkələrdə həyata keçirilən layihələr, qoyulan sərmayələr, eləcə də Balkan ölkələrinin qazlaşdırılması çərçivəsində nəzərdə tutulan tədbirlər barədə də məlumat verən nazir Azərbaycanın enerji sahəsində təcrübəsini Afrika İttifaqı ölkələri ilə bölüşməyə hazır olduğunu bildirib.

Görüşdə, eyni zamanda, Afrikanın enerji tələbatının ödənilməsi üçün görülməli olan tədbirlər, xüsusilə də enerji resurslarına çıxış üçün regionda sülh, siyasi və iqtisadi sabitliyin təmin edilməsinin vacibliyi ilə bağlı fikir mübadiləsi aparılıb.

əvvəlki xəbər