Azərbaycan - Afrika İttifaqı münasibətləri

2011-ci ilin 15 yanvar tarixindən etibarən Azərbaycan Respublikası Afrika İttifaqı yanında müşahidəçi statusu almışdır.

2011-ci ilin iyun ayında Azərbaycan Respublikası hökuməti tərəfindən Afrika İttifaqının büdcəsinə maddi yardım göstərilmişdir.

2011-ci ilin 26-29 iyun tarixlərində Afrika İttifaqının Ekvatorial Qvineyanın paytaxtı Malabo şəhərində keçirilmiş Zirvə Toplantısında Azərbaycan Respublikasının Afrika İttifaqı yanında daimi nümayəndəsi səfir Ş.Abdullayev müşahidəçi kimi iştirak etmişdir. Tədbir çərçivəsində Afrika İttifaqı Komissiyasının Sədri Jan Pinq və Afrika İttifaqı qərargahının rəisi səfir Con Kayodi Şinkayi ilə görüşlər keçirilmişdir. Müşahidəçi dövlət kimi Azərbaycan Respublikası Afrika İttifaqının 19-cu İcraiyyə şurasının plenar iclasında iştirak etmişdir.

2011-ci ilin 25 avqust tarixində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində “Afrika burnu regionunda quraqlıq və aclıqdan əziyyət çəkən ölkələrə yardım” adı altında Aİ tərəfindən təşkil edilmiş donor konfransında Azərbaycan Respublikasının Aİ yanında daimi nümayəndəsi səfir Ş.Abdullayev təmsil etmişdir. Qeyri-üzv dövlət olan Azərbaycanın Somaliyə maliyyə töhfəsi konfrans iştirakçıları tərəfindən müsbət qarşılanmış və alqışlanmışdır.

2011-ci ildə AR-in Beynəlxalq İnkişafa Yardım Agentliyi tərəfindən Afrika İttifaqı vasitəsilə Sosial-iqtisadi və humanitar böhrandan əziyyət çəkən Afrika dövlətlərinə maddi yardım göstərilmişdir.

2011-ci ildə AR-in Beynəlxalq İnkişafa Yardım Agentliyi tərəfindən Afrika İttifaqı Komissiyasına onun maliyyələşdirilməsi və imkanlarının artırılmasına yardım məqsədilə maliyyə vəsaiti ayrılmışdır. 

23-29 sentyabr 2012-ci il tarixlərində Afrika İttifaqı Komissiyasının rəhbərliyi altında Afrika dövlətlərinin gənc mütəxəssislərinin Azərbaycan Respublikasına səfəri təşkil olunmuşdur. Səfər çərçivəsində Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası ilə Pan-Afrika Gənclər İttifaqı arasında əməkdaşlığa dair Anlaşma Memoramdumu imzalanmışdır.

2012-ci ildə AR-in Beynəlxalq İnkişafa Yardım Agentliyi tərəfindən Burkina Faso və Çad dövlətlərinə “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində maliyyə vəsaiti ayrılmışdır.

2013-cü ildə Beynəlxalq İnkişafa Yardım Agentliyi tərəfindən Benin, Burkina Faso, Çad, Kamerun, Cibuti, Qvineya, Mali, Niger və Libya dövlətlərinə “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində maliyyə vəsaiti ayrılmışdır

30 yanvar – 3 fevral 2013-cü il tarixlərində Afrika İttifaqının insan resursları, elm və texnologiya üzrə komissarı Jan Pier Ezinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

14-22 may 2013-cü il tarixlərində neft sənayesinə malik Afrika ölkələri üçün “Neft mühəndisliyi və neft emalı metodları üzrə innovasiyalar” mövzusunda 3-cü ixtisasartırma kursu keçirilmişdir. Azərbaycan Dövlət Neft Akademiyası nəzdində “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi Tədqiqat İnstitutu, AR-in Beynəlxalq İnkişafa Yardım Agentliyi, Kolumbiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi və İslam Əməkdaşlığı Təşkilatı tərəfindən həyata keçirilən kursda Kolumbiya, Anqola, Cənubi Afrika Respublikası, Çad, Əlcəzair, Kamerun, Kot d’İvuar, Liviya, Mavritaniya, Misir və Nigeriyadan 13 mütəxəssis iştirak etmişdir.

25 may 2013-cü il tarixində Afrika İttifaqının yaranmasının 50 illiyi ilə əlaqədar Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilmiş Afrika zirvə toplantısında AR-in Misirdəki səfiri və eyni zamanda Afrika İttifaqındakı daimi nümayəndəsi Şahin Abdullayev iştirak etmişdir.

24 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin N748 saylı Sərəncamına əsasən Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev iqamətgahı Əddis-Əbəbə şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Afrika İttifaqı yanında daimi nümayəndəsi təyin edilmişdir.

6 may 2015-ci il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri və eyni zamanda Afrika İttifaqı yanında Daimi nümayəndəsi Elman Abdullayev etimadnaməsini Afrika İttifaqı Komissiyasının sədri xanım Nkosazana Dlamini Zumaya təqdim etmişdir.

10-16 iyun 2015-ci il tarixlərində Cənubi Afrika Respublikasının Cohannesburq şəhərində keçirilmiş Afrika İttifaqının (Aİ) 25-ci Zirvə Görüşündə və Aİ Xarici İşlər Nazirlərinin 27-ci toplantısında Azərbaycan Respublikasının Afrika İttifaqı yanında Daimi nümayəndəsi Elman Abdullayev müşahidəçi qismində iştirak etmişdir.

21-31 yanvar 2016-cı il tarixlərində Əddis-Əbəbə şəhərində keçirilmiş Afrika İttifaqının (Aİ) 26-cı Zirvə Görüşündə Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı Səfirliyi müşahidəçi qismində iştirak etmişdir.