2015-05-28
Efiopiyada 28 May – Respublika Günü qeyd edilib
Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Azərbaycanın milli bayramı - 28 May Respublika Günü təntənəli şəkildə qeyd edilib.

Tədbirdə Efiopiya baş nazirinin müşaviri Fasil Nahome, Efiopiya Xarici İşlər Nazirliyinin rəsmiləri, Efiopiyada akkreditə olunmuş 100 yaxın diplomatik nümayəndəliklərin rəhbərləri və diplomatları, ölkənin aparıcı media nümayəndələri, Azərbaycan Universitetlərindən məzun olmuş 40 yaxın Efiopiya vətəndaşı və başqaları iştirak ediblər.
 
Tədbirdə Bakı-2015 I Avropa Oyunlarına aid foto sərgi təşkil olunub. Qonaqlar sərgiyə böyük maraq göstəriblər. Tədbirin əvvəlində Azərbaycan haqqında təqdimat videosu nümayiş etdirilib.
 
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Azərbaycan Demokratik Respublikası haqqında qısa məlumat verərək, müasir Azərbaycanın inkişafının əsasını Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. O, bu gün prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın böyük uğurlara imza atdığını və dünyanın diqqət mərkəzinə çevirdiyini qeyd edib.
 
 
Səfir beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edən Azərbaycanda 12-28 iyun tarixində birinci Avropa oyunlarının keçiriləcəyini vurğulayıb. Sonra qonaqlara "Bakı-2015" haqqında videoçarx təqdim edilib. Efiopiyanın Milli Teatrının rəqs qrupu Azərbaycanın milli rəqsləri olan "Uzundərə", "Naz eləmə", və "Yallı" rəqslərini Azərbaycanın milli geyimlərində ifa edib. 


növbəti xəbər