2016-05-10
Efiopiyanın aparıcı ali təhsil ocaqlarına ulu öndər Heydər Əliyev haqqında kitablar təqdim edilib
Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfirliyi Efiopiyanın aparıcı təhsil ocaqları sayılan və bu ölkənin bir çox yüksək səviyyəli dövlət rəsmilərinin, o cümlədən Baş nazir Haylemaryam Desalenin məzun olduğu Milli Liderlik İnstitutu və Əddis-Əbəbə Universitetinin kitabxanalarına ulu öndər Heydər Əliyevin həyatı, fəaliyyəti və onun Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini əks etdirən, həmçinin ölkəmizin zəngin mədəniyyətinə, tarixinə, təbiətinə, ədəbiyyatına və memarlığına həsr olunmuş kitablar təqdim edib.
Qeyd olunan universitetlərdə təqdimetmə mərasimləri zamanı çıxış edən səfir Elman Abdullayev xalqımızın ümummilli lideri Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olduğunu vurğulayaraq, dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkəmizin bütün sahələrdə sürətli inkişafının əsasında dahi şəxsiyyət Heydər Əliyevin tarixi uzaqgörənliyi və müdrik siyasətinin dayandığını qeyd edib. Səfir Efiopiyanın nüfuzlu ali təhsil müəssisələrinin kitabxana fonduna Azərbaycan haqqında kitabların hədiyyə edilməsinin orada təhsil alan tələbələrə ölkəmizlə yaxından tanış olmaq üçün imkan verəcəyini söyləyib.
Azərbaycan səfirliyinə təşəkkürünü bildirən Milli Liderlik İnstitutunun vitse-prezidenti Mesfin Lemma və Əddis-Əbəbə Universitetinin Kennedi adına kitabxanasının rəhbəri Mesfin Qezaheqe ölkəmizə aid kitabların bu təhsil ocaqlarının kitabxanalarını zənginləşdirəcəyinə əmin olduqlarını bildiriblər və Azərbaycan haqqında yeni məlumatların tələbələr üçün maraqlı olacağını vurğulayıblar.
 
  
 
növbəti xəbər əvvəlki xəbər