2016-05-20
Efiopiyalı nazir Azərbaycanda qadınlar üçün yaradılan imkanları yüksək qiymətləndirib
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayevin bu ölkənin qadın, uşaq və gənclər məsələləri üzrə naziri xanım Zenebu Tadesse ilə görüşü keçirilib.
Görüşdə səfir E.Abdullayev Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatındakı rolu barədə danışıb, hələ 1918-ci ildə Şərqdə ilk dəfə qadına səsvermə hüququnun məhz Azərbaycanda verildiyini efiopiyalı nazirin diqqətinə çatdırıb. Dövlətimiz tərəfindən Azərbaycan qadınlarına böyük diqqət və qayğının göstərildiyini qeyd edən səfir birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırdığını, onun təşəbbüsü ilə Bakıda qadınların mədəniyyətlərarası dialoqda roluna həsr edilmiş tədbirlərin keçirildiyini bildirib. E.Abdullayev 2016-cı ilin Afrika İttifaqı tərəfindən "Qadın hüquqları ili" kimi qəbul olunduğunu xatırladaraq, Azərbaycan və UNESCO-nun birgə təşəbbüsü və səyi ilə Afrikanın Liberiya, Keniya, Tanzaniya, Uqanda kimi ölkələrində təhsil səviyyəsinin artırılması məqsədilə "Gənc qızların təhsili" adlı müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib.
Nazir Z.Tadesse Azərbaycanda qadınlar üçün yaradılan imkanları yüksək qiymətləndirib. O, Azərbaycanın bu sahədəki zəngin təcrübəsinin öyrənilməsinin zəruriliyini qeyd edib. Nazir qarşılıqlı səfərlərin həyata keçirilməsinin və hüquq-müqavilə bazasının yaradılmasının vacibliyini vurğulayıb. Nazir ölkəsinin təhsilin inkişafı ilə bağlı layihələrə maraq göstərdiyini, Efiopiya tərəfinin bu sahədə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
 
növbəti xəbər əvvəlki xəbər