2016-05-28
Afrika İttifaqının mənzil-qərargahında Respublika Günü qeyd edilib
Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində yerləşən və Afrika qitəsinin 54 ölkəsini özündə birləşdirən Afrika İttifaqının mənzil-qərargahında 28 May – Respublika Günü təntənəli şəkildə qeyd edilib.
Tədbirdə Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı xanım Aişə Abdullahi, Afrika İttifaqının qadınlar, gender məsələləri və inkişaf üzrə baş idarəsinin rəisi xanım Leyla Ben Əli, Afrika İttifaqı Komissiyasının Protokol İdarəsinin rəisi xanım Simon Abala, Efiopiyanın yüksək vəzifəli şəxsləri, o cümlədən Baş nazirin müşaviri Dr. Fasil Nahom, Efiopiya və Afrika İttifaqı yanında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, aparıcı media nümayəndələri və Azərbaycanın ali təhsil müəssisələrini bitirmiş efiopiyalı məzunlar iştirak ediblər.
Azərbaycan, Efiopiya və Afrika İttifaqının himnlərinin səslənməsi ilə başlayan tədbirin açılışında çıxış edən Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri və Afrika İttifaqı yanında daimi nümayəndəsi Elman Abdullayev 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli demokratik respublika olduğunu qeyd edərək, onun Azərbaycan üçün xüsusi tarixi önəm daşıdığını bildirib. Azərbaycanın dinamik inkişafından danışan səfir E.Abdullayev əldə olunan uğurların əsasında dahi şəxsiyyət Heydər Əliyevin müdrik siyasətinin dayandığını xüsusi vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yeni-yeni uğurlara imza atdığını və dünyanın diqqət mərkəzinə çevrildiyini qeyd edib.
Ermənistanın ölkəmizə qarşı təcavüzündən bəhs edən səfir E.Abdullayev Azərbaycanın ərazi bütövlüyünün və ədalətli mövqeyinin dünya ictimaiyyəti və mötəbər beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə dəstəkləndiyini qonaqların diqqətinə çatdırıb.
Tədbir zamanı Azərbaycanın zəngin mədəniyyəti və tarixini əks etdirən videoçarxlar nümayiş etdirilib və qonaqlara milli mətbəximizin nümunələri təqdim olunub.
 
 
növbəti xəbər əvvəlki xəbər