2016-06-05
Azərbaycan səfiri etimadnaməsini Cibuti Prezidentinə təqdim edib
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev etimadnaməsini Cibuti Prezidenti İsmayıl Ömər Quelleyə təqdim edib.
Görüşdə səfir Elman Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Prezident İsmayıl Ömər Quelleyə çatdırıb.
Səfir Azərbaycan ilə Afrika qitəsinin mühüm ölkələrindən biri olan Cibuti arasında münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğunu bildirib.
Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan səfir Elman Abdullayev Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən BMT Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrin bu günədək icra olunmadığını bildirib. Diplomat Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etdirildiyini və bu təcavüz nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqına və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb.
Cibuti Prezidenti İsmayıl Ömər Quelle öz növbəsində salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib. Ölkəsinin Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edən Cibuti Prezidenti İsmayıl Ömər Quelle səfir Elman Abdullayevə fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə, həmçinin müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.
 
 
 

 
 
növbəti xəbər əvvəlki xəbər