2017-01-20
20 Yanvar faciəsi Efiopiyada silsilə tədbirlərlə yad edildi

Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı Səfirliyi tərəfindən 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirildi. Əddis-Əbəbə şəhərində yerləşən “Sebeta” görmə qabiliyyəti məhdud olan və gözdən əlil uşaqlar üçün xüsusi məktəbdə xeyriyyə aksiyası keçirildi. Aksiya çərçivəsində uşaqlara Brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) ilə çap olunmuş kitabların oxunması üçün xüsusi avadanlıqlar və görmə məhdudiyyəti olan insanlar üçün nəzərdə tutulmuş ağ çəliklər hədiyyə olundu. Aksiyanın açılışı zamanı 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən məktəbin direktoru Abera Mamo göstərilmiş qayğıya görə Azərbaycan hökumətinə dərin təşəkkürünü bildirərək, 2017-ci ildə məktəbə yardım göstərən ölkələrdən Azərbaycan Respublikasının ilk olduğunu xüsusi vurğuladı. Direktor bu addımın məktəbdə təhsil alan şagirdlər üçün önəmli mənəvi dəstək kimi qiymətləndirdi. Məktəb direktoru A.Mamo 20 Yanvar faciəsi haqqda məlumat verərək, bu faciədə həyatını itirmiş insanların xatirəsinin şagirdlər üçün hər zaman əziz olacağını bildirdi. Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev 1990-cı ilin 20 yanvarın ən faciəli günlərdən biri olmaqla yanaşı, Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldığını qeyd edərək, xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrildiyini vurğuladı.

Səfirlik tərəfindən digər tədbir Efiopiyanın aparıcı təhsil ocağı sayılan və bu ölkənin bir çox yüksək səviyyəli dövlət rəsmilərinin, o cümlədən Baş nazir Haylemaryam Desalenin məzun olduğu Milli Liderlik İnstitutunda təşkil olundu. Tədbirdə Əddis-Əbəbə, Dövlət İdarəçilik, St-Meri Universitetlərinin və Afrika İttifaqın Liderlik Akademiyasının müəllim və tələbə heyətləri, ölkəmizdə təhsil almış Efiopiya vətəndaşları və yerli jurnalistlər iştirak etmişlər. Səfir E.Abdullayev tədbirdə Qanlı Yanvar barədə təqdimatla çıxış edərək, 20 Yanvar hadisələrinin tarixi önəmindən, SSRİ-nin süqutunda oynadığı həlledici rolundan bəhs etdi. Səfir qanlı faciədən dərhal sonra ulu öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verməsi, təcavüzə kəskin etiraz bildirməsi, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etməsini xüsusi vurğuladı.

növbəti xəbər əvvəlki xəbər