2020-08-19
20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Əddis-Əbəbə Universitetində mühazirə təşkil edilib

Azərbaycanın Efiopiyadakı səfirliyi 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar Efiopiyanın mötəbər təhsil ocağı olan Əddis-Əbəbə Universitetində mühazirə təşkil edib.

Tədbirdə universitetin Afrika Mərkəzinin professoru Dr. Samuel və tələbələr iştirak ediblər. Mühazirədə çıxış edən səfir Elman Abdullayev 1990-cı ilin Yanvar hadisələri haqqında danışıb, Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizə əzminin qırılması məqsədilə ozamankı SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusu tərəfindən törədilmiş qanlı qırğın barədə ətraflı məlumat verib. O, sovet rəhbərliyinin düşüncəsinin əksinə olaraq, törədilmiş bu qırğın və vəhşiliyin xalqımızın müstəqillik ruhunu daha da gücləndirdiyini qeyd edib.

Səfir E.Abdullayev 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixində azadlıq və suverenlik uğrunda mübarizə salnaməsi kimi ən şərəfli və parlaq səhifələrindən biri olduğunu bildirib, faciə zamanı xalqımızın yüzlərlə oğul və qızının şəhidlik zirvəsinə ucaldığını diqqətə çatdırıb.

Diplomat, həmçinin qeyd edib ki, qanlı hadisələrə ilk olaraq münasibət bildirən ümummilli lider Heydər Əliyev öz ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bu hadisələrin hüquqa, demokratiyaya və humanizmə qarşı olduğunu bildirib, Azərbaycan xalqının haqq səsini bütün dünyaya çatdırıb.

E.Abdullayev bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyada artıq öz yüksək standartları ilə tanındığını və bütün sahələrdə dünya ölkələrinin etibarlı tərəfdaşına çevrildiyini bildirib. Çıxış zamanı sürətlə inkişaf edən Azərbaycanın müasirlik və tolerantlıq diyarı olduğu, müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi və dünyanın bütün yerlərindən milyonlarla insanın ölkəmizi ziyarət etdiyi qeyd olunub.

Daha sonra diplomat efiopiyalı tələbələrin çoxsaylı suallarını cavablandıraraq Azərbaycanın Afrika ölkələri, eləcə də Efiopiya ilə münasibətlərinin perspektivləri, ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi, dövlətimizin başçısının Sərəncamı ilə Afrika ölkələrinin vətəndaşlarına təhsil təqaüdlərinin ayrılması barədə danışıb. E.Abdullayev minlərlə afrikalı tələbəni yetişdirən və onlara müxtəlif sahələrdə təhsil verən Azərbaycanın bu gün də dünya ictimaiyyəti ilə öz yüksək standartları ilə bölüşməyə hazır olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Afrika Mərkəzinin rəhbəri Dr. Samuel Azərbaycanın tarixi nailiyyətlərini, iqtisadi inkişafını, tolerantlıq ənənələrini təqdir edib və ölkəmizin dövlətçilik tarixinin zənginliyini qeyd edib.

növbəti xəbər əvvəlki xəbər