2020-08-19
Efiopiya portallarında Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatla bağlı məqalə dərc edilib

Efiopiyanın “Ethiopian Monitor” və “New Business Ethiopia” informasiya portallarında Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribatla bağlı məqalə dərc edilib. 

Yazıda iyulun 12-də sərhəd bölgəsindəki hərbi qarşıdurmadan qısa müddət sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş Təhlükəsizlik Şurasının iclası və Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin AZƏRTAC-a açıqlamasına əsas diqqət yetirilir.

Məlumatda qeyd olunur ki, iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələri ağır artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutub. Ermənistanın bu hücumunun Azərbaycanın ərazi bütövlüyünü pozmaq, strateji hərbi mövqeləri ələ keçirmək, mülki şəxslərə və kəndlərə atəş açmaqla Azərbaycanı döyüşə təhrik etmək məqsədi aydın görünür. Bu cür təcavüzkar və təhlükəli siyasət Ermənistanı “uçuruma” aparır.

Efiopiyanın internet mediası Azərbaycan Prezidentinin həmin iclasdakı çıxışından sitat gətirir: “Bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir”.

Yazıda Prezident İlham Əliyevin “bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq” ifadəsi qeyd olunaraq, Azərbaycan tərəfindən düşmənin bütün təxribatçı fəaliyyətinə layiqli cavab veriləcəyi və bunun üçün bütün mümkün imkanlardan istifadə ediləcəyi bildirilir.

Müəllif, həmçinin qeyd edir ki, Ermənistanın təxribatının əsasında Azərbaycanın irəli sürdüyü beynəlxalq təşəbbüslər dayanır. Ölkəmizin irəli sürdüyü və 130 ölkə tərəfindən dəstəklənmiş koronavirus pandemiyası ilə əlaqədar BMT Baş Məclisinin xüsusi sessiyasının çağırılması barədə təklif təkcə Ermənistan tərəfindən qəbul edilməyib və bununla da həmin dövlət növbəti dəfə özünü beynəlxalq aləmdən təcrid edib.

Məqalədə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin AZƏRTAC-a verdiyi açıqlamasına istinad edilərək qeyd olunur ki, Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb.

Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edilməsinin təcavüz, güc tətbiq etmək aktı olduğunu qeyd edən Hikmət Hacıyev Ermənistan tərəfindən sərhəddə törədilmiş növbəti təxribatının rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutu olduğunu bildirib.

Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır.

Yazıda qeyd olunur ki, Hikmət Hacıyev beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə qınamağa çağıraraq, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

Yazının sonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ümumi məlumat verilir. Qeyd edilir ki, bu münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı və Avropa Parlamenti, habelə digər mötəbər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması tələb edilir.

Məqalədə, həmçinin Ermənistan silahlı bölmələrinin hədəfə aldığı mülki əhalinin yaşadığı evlər və onların törətdiyi vəhşiliyi əks etdirən fotomaterial da yer alıb.

əvvəlki xəbər