Azərbaycan - Afrika İttifaqı münasibətləri
2011-ci ilin 15 yanvar tarixindən etibarən Azərbaycan Respublikası Afrika İttifaqı yanında müşahidəçi statusu almışdır.
2011-ci ilin iyun ayında Azərbaycan Respublikası hökuməti tərəfindən Afrika İttifaqının büdcəsinə maddi yardım göstərilmişdir.
2011-ci ilin 26-29 iyun tarixlərində Afrika İttifaqının Ekvatorial Qvineyanın paytaxtı Malabo şəhərində keçirilmiş Zirvə Toplantısında Azərbaycan Respublikasının Afrika İttifaqı yanında daimi nümayəndəsi səfir Ş.Abdullayev müşahidəçi kimi iştirak etmişdir. Tədbir çərçivəsində Afrika İttifaqı Komissiyasının Sədri Jan Pinq və Afrika İttifaqı qərargahının rəisi səfir Con Kayodi Şinkayi ilə görüşlər keçirilmişdir. Müşahidəçi dövlət kimi Azərbaycan Respublikası Afrika İttifaqının 19-cu İcraiyyə şurasının plenar iclasında iştirak etmişdir.
2011-ci ilin 25 avqust tarixində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində “Afrika burnu regionunda quraqlıq və aclıqdan əziyyət çəkən ölkələrə yardım” adı altında Aİ tərəfindən təşkil edilmiş donor konfransında Azərbaycan Respublikasının Aİ yanında daimi nümayəndəsi səfir Ş.Abdullayev təmsil etmişdir. Qeyri-üzv dövlət olan Azərbaycanın Somaliyə maliyyə töhfəsi konfrans iştirakçıları tərəfindən müsbət qarşılanmış və alqışlanmışdır.
2011-ci ildə AR-in Beynəlxalq İnkişafa Yardım Agentliyi tərəfindən Afrika İttifaqı vasitəsilə Sosial-iqtisadi və humanitar böhrandan əziyyət çəkən Afrika dövlətlərinə maddi yardım göstərilmişdir.
2011-ci ildə AR-in Beynəlxalq İnkişafa Yardım Agentliyi tərəfindən Afrika İttifaqı Komissiyasına onun maliyyələşdirilməsi və imkanlarının artırılmasına yardım məqsədilə maliyyə vəsaiti ayrılmışdır.
23-29 sentyabr 2012-ci il tarixlərində Afrika İttifaqı Komissiyasının rəhbərliyi altında Afrika dövlətlərinin gənc mütəxəssislərinin Azərbaycan Respublikasına səfəri təşkil olunmuşdur. Səfər çərçivəsində Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası ilə Pan-Afrika Gənclər İttifaqı arasında əməkdaşlığa dair Anlaşma Memoramdumu imzalanmışdır.
2012-ci ildə AR-in Beynəlxalq İnkişafa Yardım Agentliyi tərəfindən Burkina Faso və Çad dövlətlərinə “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində maliyyə vəsaiti ayrılmışdır.
2013-cü ildə Beynəlxalq İnkişafa Yardım Agentliyi tərəfindən Benin, Burkina Faso, Çad, Kamerun, Cibuti, Qvineya, Mali, Niger və Libya dövlətlərinə “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində maliyyə vəsaiti ayrılmışdır
30 yanvar – 3 fevral 2013-cü il tarixlərində Afrika İttifaqının insan resursları, elm və texnologiya üzrə komissarı Jan Pier Ezinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
14-22 may 2013-cü il tarixlərində neft sənayesinə malik Afrika ölkələri üçün “Neft mühəndisliyi və neft emalı metodları üzrə innovasiyalar” mövzusunda 3-cü ixtisasartırma kursu keçirilmişdir. Azərbaycan Dövlət Neft Akademiyası nəzdində “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi Tədqiqat İnstitutu, AR-in Beynəlxalq İnkişafa Yardım Agentliyi, Kolumbiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi və İslam Əməkdaşlığı Təşkilatı tərəfindən həyata keçirilən kursda Kolumbiya, Anqola, Cənubi Afrika Respublikası, Çad, Əlcəzair, Kamerun, Kot d’İvuar, Liviya, Mavritaniya, Misir və Nigeriyadan 13 mütəxəssis iştirak etmişdir.
25 may 2013-cü il tarixində Afrika İttifaqının yaranmasının 50 illiyi ilə əlaqədar Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilmiş Afrika zirvə toplantısında AR-in Misirdəki səfiri və eyni zamanda Afrika İttifaqındakı daimi nümayəndəsi Şahin Abdullayev iştirak etmişdir.
24 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin N748 saylı Sərəncamına əsasən Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev iqamətgahı Əddis-Əbəbə şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Afrika İttifaqı yanında daimi nümayəndəsi təyin edilmişdir.
6 may 2015-ci il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri və eyni zamanda Afrika İttifaqı yanında Daimi nümayəndəsi Elman Abdullayev etimadnaməsini Afrika İttifaqı Komissiyasının sədri xanım Nkosazana Dlamini Zumaya təqdim etmişdir.
10-16 iyun 2015-ci il tarixlərində Cənubi Afrika Respublikasının Cohannesburq şəhərində keçirilmiş Afrika İttifaqının (Aİ) 25-ci Zirvə Görüşündə və Aİ Xarici İşlər Nazirlərinin 27-ci toplantısında Azərbaycan Respublikasının Afrika İttifaqı yanında Daimi nümayəndəsi Elman Abdullayev müşahidəçi qismində iştirak etmişdir.
21-31 yanvar 2016-cı il tarixlərində Əddis-Əbəbə şəhərində keçirilmiş Afrika İttifaqının (Aİ) 26-cı Zirvə Görüşündə Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı Səfirliyi müşahidəçi qismində iştirak etmişdir.
2016-cı ilin oktyabr ayında Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Aişə Abdullahi Azərbaycana səfər etmiş və səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.
2016-cı ilin dekabr ayında ASAN Xidmətin fəaliyyətinə dair Afrika İttifaqının mənzil-qərargahında təqdimat keçirilmiş, ASAN Xidmətin fəaliyyətini əks etdirən stend qurulmuşdur.
5-7 mart 2017-ci il tarixlərində AR-in Afrika İttifaqı yanında Daimi nümayəndəsi, səfir E.Abdullayev Pan Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danqın dəvəti ilə PAP-ın xüsusi növbədənkanar sessiyasında ilk dəfə iştirak etmişdir.
16 iyun 2017-ci il tarixində Azərbaycan Respublikasının Afrika İttifaqı yanında Daimi nümayəndəsi E.Abdullayev Afrika İttifaqı Komissiyasının yeni seçilmiş sədri cənab Musa Faki Mahamatla görüşmüşdür.
2017-ci ilin 23-24 oktyabr tarixlərində Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danq Azərbaycana səfər etmişdir.
9 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov Əddis-Əbəbəyə səfər çərçivəsində Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat, Afrika İttifaqının Sülh və təhlükəsizlik məsələləri üzrə komissarı Smail Şerqi, Afrika İttifaqının İqtisadi məsələlər üzrə komissarı Viktor Harrison, Afrika İttifaqının Sosial məsələlər üzrə komissarı xanım Amira Elfadil ilə görüşmüşdür.
23-24 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikası ilə Afrika ölkələri arasında informasiya və kommunikasiya, xüsusilə kosmik sahədə əməkdaşlığı inkişaf etdirmək və Afrika İttifaqının Kommunikasiya və İnformasiya Texnologiyaları üzrə İxtisaslaşmış Komitəsinin II iclasında iştirak etmək məqsədilə Azərbaycan Respublikası “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Efiopiyaya səfər etmişdir. Səfər zamanı Afrika İttifaqının mənzil-qərargahında “Azərkosmos”un fəaliyyətini əks etdirən stend qurulumuş, təqdimat keçirilmiş və Afrikanın Rabitə və informasiya texnologiyaları nazirləri üçün ziyafət təşkil olunmuşdur.
11 iyun 2018-ci il tarixində Səfir E.Abdullayev Afrika İttifaqının (Aİ) siyasi məsələlər üzrə komissarı xanım Minata Samate Cessouma ilə görüşmüşdür. Görüşdə ölkəmizlə Aİ arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilmişdir.
22-26 iyul 2018-ci il tarixlərində Afrika İttifaqının (Aİ) enerji və infrastruktur məsələləri üzrə komissarı xanım Amani Abou-Zeydin 22-26 iyul 2018-ci il tarixlərində ölkəmizə səfəri həyata keçirilmişdir. Səfər çərçivəsində Aİ komissarının AR Baş naziri cənab Novruz Məmmədov, Xarici işlər naziri cənab Elmar Məmmədyarov, Energetika naziri cənab Pərviz Şahbazov, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri cənab Ramin Quluzadə, Dövlət Turizm Agentliyinin sədri cənab Fuad Nağıyev, “Azərkosmos” ASC-nın sədir cənab Rəşad Nəbiyevlə görüşləri olmuşdur.
23 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Efiopiya Federal Demokratik Respublikasındakı Səfirliyi tərəfindən Afrika İttifaqı Komissiyasının mənzil-qərargahında ölkəmizin Qoşulmama Hərəkatında (QH) qarşıdan gələn sədrliyinin prioritetləri, Bakı şəhərinin “EXPO 2025” çərçivəsində namizədliyinin təşviqi və Azərbaycanın beynəlxalq inkişafa yardım çərçivəsində Afrika qitəsində fəaliyyətinə dair geniş təqdimat mərasimi təşkil edilmişdir. Təqdimatlar AR XİN-dən ezam olunmuş Nazirliyin Yunesko üzrə Milli Komissiyasının Baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanov (EXPO 2025), Beynəlxalq Təhlükəsizlik idarəsinin rəis müavini Yalçın Rəfiyev (QH çərçivəsində əməkdaşlıq), Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəis müavini Aliyə Ağazadə və AİDA-nın üçüncü katibi Etibar Kərimov (Beynəlxalq inkişafa yardım) tərəfindən keçirilmişdir. Əsas qonaq qismində tədbirdə Afrika İttifaqı Komissiyasının Sədr müavini Tomas Kwesi Quartey iştirak etmiş və Azərbaycan-Afrika İttifaqı münasibətlərinin perspektivləri və QH-Aİ arasında əməkdaşlıq əlaqələrinə dair çıxış etmişdir. Həmçinin, tədbirdə Efiopiya Xarici İşlər Nazirliyinin yuxarı vəzifəli diplomatları, 100-yaxın Əddis-Əbəbə şəhərində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, diplomatlar, media nümayəndələri, ictimai şəxslər iştirak etmişlər.