2016-05-18
Jurnalist Araya Qetaço: Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Efiopiyanın "The Daily Monitor" qəzetində jurnalist Araya Qetaçonun "Ulu Öndər – Heydər Əliyev" ("The Great Leader – Heydar Aliyev") adlı məqaləsi dərc edilib.
Məqalədə jurnalist Azərbaycan tarixinin və dövlətçiliyinin, ölkəmizin hər bir sahədə əldə etdiyi uğur və nailiyyətlərinin ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu yazıb. Xalqımızın milli birliyinin əldə olunmasında və Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsində Ümummilli Liderin əvəzsiz xidmətləri və tarixi rolu olduğunu vurğulayıb.
A.Qetaço dövlətçilik ənənələrinin formalaşdırılması, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və əbədiləşdirilməsi, ölkəmizin dinamik iqtisadi inkişafının təmin edilməsi və beynəlxalq nüfuzunun sürətlə artması ümummilli lider Heydər Əliyevin tarixi rolu və liderlik sayəsində mümkün olduğunu oxucuların diqqətinə çatdırıb.
Bakıda səfərdə olan jurnalist Azərbaycan xalqı tərəfindən Ulu Öndərin əziz xatirəsinin daim dərin ehtiramla yad edildiyinin şahidi olduğunu yazıb. Məqalədə "əgər hər bir xalqın tarixində ulu öndər Heydər Əliyev kimi dahi lider olsaydı, dünyamız firavan olardı", - deyərək bildirib.