2017-02-27

Azərbaycan ilə Cibuti arasında ikitərəfli məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf ilə görüşüb.

Görüşdə “Azərbaycanın və Cibutinin Xarici İşlər nazirlikləri arasında ikitərəfli məsləhətləşmələrə dair Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf imzalayıblar.

Söhbət zamanı Elmar Məmmədyarov Cibuti nazirinin Azərbaycana bu səfərini tarixi səfər adlandırıb və ikitərəfli əməkdaşlıqda yeni mərhələ kimi xarakterizə edib.

Mahmud Əli Yusuf bu səfərin ölkələrimiz arasında əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini bildirib.

Görüşdə nazirlər Azərbaycan və Cibuti arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər iki ölkə arasında hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin və iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsinin vacibliyini vurğulayıblar. Nazirlər ölkələrimiz arasında siyasi münasibətlərdən, xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məlum qətnamələrinin qəbulunda BMT TŞ-nin o zaman qeyri-daimi üzvü kimi Cibutinin fəal rolunu yüksək qiymətləndirib. O, həmçinin Cibuti Respublikasının Milli Assambleyasında Xocalı soyqırımına dair qətnamənin qəbul edilməsinə, Azərbaycanın ədalətli mövqeyini daim və tam şəkildə dəstəklədiyinə görə ölkəmiz adından təşəkkürünü bildirib.

Mahmud Əli Yusuf ölkəsinin hər zaman qardaş və dost Azərbaycan xalqının yanında olduğunu bəyan edib.

Görüşdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində iki ölkə arasında uğurlu əməkdaşlıq və Cibutinin Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT Kontakt qrupunda təmsil olunması xüsusi qeyd olunub.

Bildirilib ki, hər iki ölkənin əlverişli coğrafi-strateji mövqeyi hava və dəniz daşımaları sahəsində əməkdaşlığı daha da genişləndirməyə imkan verir. Bu xüsusda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Cibuti portu, Azərbaycan Hava Yolları QSC-nin Cibutinin müvafiq qurumları ilə əməkdaşlığı və qarşılıqlı səfər mübadiləsi təqdir olunub.

Söhbət zamanı son dövrlər iki ölkə arasında təmasların intensivləşməsinin ikitərəfli əməkdaşlığa töhfə verəcəyinə əminlik qeyd olunub.

2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncam imzaladığını deyən Elmar Məmmədyarov bu il IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçiriləcəyini və Cibuti idmançılarının bu yarışlarda fəal iştirak edəcəyinə ümid etdiyini bildirib.

Həmçinin humanitar sahədə əməkdaşlıq və parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Cibutili nazirə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) fəaliyyəti və qurumun Afrika qitəsində həyata keçirdiyi layihələr barədə məlumat verilib.

Tərəflər, eyni zamanda tibb, tələbə mübadiləsi və müxtəlif sahələrdə təlimlərin keçirilməsinə dair əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Arxiv üzrə axtarış