2017-02-27

Nazir Mahmud Əli Yusuf: Azərbaycanın ədalətli mövqeyinin dünyaya çatdırılması üçün səylərimizi əsirgəməyəcəyik

Azərbaycanın ədalətli mövqeyinin dünyaya çatdırılması üçün səylərimizi əsirgəməyəcəyik. Azərbaycan ilə Cibuti arasında əməkdaşlıq 1990-cı illərdən başlayıb. Cibuti BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin qəbulunda Azərbaycana dəstək verib. Ölkəmizin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməzdir.

Bu fikirləri Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında söyləyib.

Cibuti ilə Azərbaycan arasında siyasi məsləhətləşmələrin keçirildiyini qeyd edən nazir Azərbaycanın beynəlxalq arenada nüfuzunun artdığını vurğulayıb. O, iqtisadi sahədə əməkdaşlığın inkişafının önəmini bildirib.

Nazir deyib: “Cibuti mürəkkəb bir regionda sabitlik adasıdır. Azərbaycan sülhpərvər ölkədir. Coğrafi məsafə artıq önəm kəsb etmir. Biz limanların idarə olunması sahəsində əməkdaşlıq edirik. Bir çox sahələrdə əməkdaşlıq edə bilərik, bu, iki xalqın xeyrinə olacaq”.

Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan ilə Cibuti arasında münasibətlər uzun illərdir inkişaf mərhələsindədir. Cibutinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində həmişə Azərbaycanın mövqeyini dəstəklədiyini bildirən nazir bu ölkənin parlamentinin Xocalı soyqırımının tanınması barədə qərar qəbul etməsini xüsusi vurğulayıb.

Nazir deyib ki, Cibuti Azərbaycanla yükdaşımalar haqqında saziş imzalamağı planlaşdırır. Cibutidə azad iqtisadi zonalar çərçivəsində əməkdaşlıq üzrə planlar var. İki ölkə humanitar sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Həmçinin Cibuti gənclərinin Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaları məsələsi müzakirə olunur.

Arxiv üzrə axtarış