2017-05-02

Azərbaycan Prezidenti İlham Əliyev Cibuti Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-Cibuti əlaqələrinin inkişafında mühüm rol oynayacağına və səfər zamanı əməkdaşlığımızın müxtəlif aspektlərinin geniş müzakirə olunacağına əminliyini ifadə etdi. İkitərəfli əlaqələrimizin çox möhkəm olduğunu və son illər ərzində daha da inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev dedi ki, Azərbaycan Cibuti ilə bu əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsində maraqlıdır. Cibuti parlamentinin Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə görə minnətdarlığını bildirən dövlətimizin başçısı artıq dünyanın 10-dan çox ölkəsinin parlamentləri tərəfindən Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qərar qəbul olunduğunu vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, Cibuti parlamentinin qəbul etdiyi bu qətnamə həm ədaləti əks etdirir, həm də ölkələrimiz arasındakı dostluq münasibətlərinin göstəricisidir. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığının və bir-birini dəstəkləmələrinin önəmini qeyd etdi. İqtisadi əməkdaşlığımıza toxunan Prezident İlham Əliyev son vaxtlar bu istiqamətdə mühüm addımların atıldığını, ölkələrimiz arasında hava nəqliyyatının yaradılmasının qarşılıqlı ticarətə müsbət təsir göstərdiyini dedi. Azərbaycan-Cibuti ikitərəfli əlaqələrinin gündəliyinin geniş olduğunu deyən Prezident İlham Əliyev əməkdaşlığımızın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirdi.

Milli Assambleyanın sədri Mohamed Əli Huməd Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər Quellenin salamlarını dövlətimizin başçısına çatdırdı. Mohamed Əli Huməd ölkəsinin Prezidentinin adından dedi ki, əmin ola bilərsiniz, Cibuti Respublikası bundan sonra da bütün sahələrdə və bütün səviyyələrdə Azərbaycanın tərəfində, yanında olacaq.

Qonaq bildirdi ki, ölkələrimiz arasında əlaqələrin son vaxtlar inkişaf etməsinə baxmayaraq, əlaqələrimizin hazırkı səviyyəsi elə təəssürat yaradır ki, münasibətlərimiz uzun tarixə malik və çoxdan başlanan münasibətlərdir. Cibuti parlamentinin Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə toxunan Mohamed Əli Huməd parlamentdə bu qətnaməni tərəddüd etmədən qısa zamanda qəbul etdiklərini və bu qərarla qürur duyduqlarını dedi. Ölkələrimizin bir-birinə ümumi dini və mədəni tellərlə bağlı olduğunu deyən qonaq bu əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyini vurğuladı.

Dövlətimizin başçısı Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər Quellenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Cibuti Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Arxiv üzrə axtarış