Azərbaycan-Afrika İttifaqı münasibətlərinin inkişafı xüsusi önəm daşıyır
Azərbaycan Respublikasının Afrika İttifaqı yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev Afrika İttifaqı Komissiyasının yeni seçilmiş sədri Musa Faki Mahamatla görüşüb.
Görüşdə səfir E.Abdullayev M.Mahamatı bu mötəbər beynəlxalq təşkilatın rəhbəri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
Azərbaycan ilə Afrika İttifaqı arasında münasibətlərin inkişafının xüsusi önəm daşıdığını bildirən diplomat Azərbaycan ilə qitə ölkələri arasında əməkdaşlığın əsasının illər əvvəl qoyulduğunu diqqətə çatdırıb. O, Azərbaycan ilə Afrika İttifaqı arasında münasibətlərin genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirib.
Ölkəmizin bir çox sahələrdə zəngin təcrübəyə malik olduğunu qeyd edən E.Abdullayev Azərbaycanın Afrika İttifaqı və qitənin digər ölkələri ilə öz təcrübəsini bölüşməyə hazır olduğunu vurğulayıb. Səfir E.Abdullayev Azərbaycanın Afrikada təhsilin inkişafına töhfə verdiyini, xüsusilə qızların təhsili sahəsində ölkəmizin dəstəyi ilə YUNESKO ilə birgə qitə üçün xüsusi əhəmiyyət kəsb edən layihələrin həyata keçirildiyini vurğulayıb.
Afrika İttifaqı Komissiyasının sədri M.Mahamat zəngin enerji ehtiyatları olan və qısa müddət ərzində əhəmiyyətli inkişaf yolunu keçən Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsini nümunəvi və təqdirəlayiq adlandırıb, bu sahədə ölkəmizin əldə etdiyi təcrübənin bütün dünya, o cümlədən Afrika ölkələri üçün də önəmli olduğunu bildirib. Azərbaycan tərəfindən Afrika ölkələri ilə münasibətlərin inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirən M.Mahamat Azərbaycanın dəstəyi ilə Afrikada həyata keçirilən layihələrin Komissiya üçün də prioritet istiqamətlərdən olduğunu vurğulayıb. O, həmçinin Afrika İttifaqı Komissiyasının ölkəmizlə əməkdaşlığı davam etdirməyə, Azərbaycanın qitə ölkələri ilə münasibətlərinin möhkəmləndirilməsində Afrika İttifaqı Komissiyasının platforma rolunu oynamağa hazır olduğunu qeyd edib.