2017-11-10

Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Vorkene Qebeyehu ilə görüşüb

Görüşdə Azərbaycanla Efiopiya arasında münasibətlərinin son illər inkişafından məmnunluq ifadə edildi, yüksək səviyyəli səfərlərin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi vurğulandı. Bu xüsusda, Vorkene Qebeyehu Elmar Məmmədyarovun Efiopiyaya səfərini yüksək qiymətləndirdi və iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların artırılmasının əhəmiyyətinə toxundu.

Elmar Məmmədyarov Efiopiyanın xarici işlər naziri Vorkene Qebeyehunu Azərbaycana rəsmi səfərə dəvət etdi. Nazir Verkene Qebeyehu dəvəti məmnuniyyətlə qəbul etdi.

Nazirlər iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə və gündəlikdə duran məsələlərə nəzər saldılar. Eyni zamanda, ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin zəruriliyini vurğuladılar.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd etdilər və iki ölkənin beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə oxşar mövqedən çıxış etdiyini bildirdilər.

Tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinə nəzər saldılar. Ticarət əlaqələrinin təşviqi və biznes dairələri arasında birbaşa təmasların qurulması üçün Azərbaycan iş adamlarından ibarət nümayəndə heyətinin Efiopiyaya səfərinin təşkil olunması və birgə biznes forumlarının keçirilməsinə dair razılıq ifadə olundu.

Elmar Məmmədyarov Azərbaycandan Cibutiyə və digər Afrika ölkələrinə hava yolu ilə yüklərin daşındığını, Cənubi Asiya ilə Şimali Avropanı birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizinin perspektiv imkanlarını qeyd edərək iki ölkə arasında nəqliyyat və logistika sahəsində də əməkdaşlıq üçün potensialın olduğunu nəzərə çatdırdı.   

Həmçinin, nazirlər iki ölkə arasında humanitar və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi apardılar. Nazirlər efiopiyalı tələbələrin müxtəlif sahələr üzrə Azərbaycanda ali təhsil aldığını qeyd edərək, bu əsnada qurulmuş əlaqələrin davam etdirilməsinin vacibliyini vurğuladılar.

Nazir Elmar Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, Azərbaycanın beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli istiqamətində atdığı addımlar barəsində məlumat verdi.

Görüşün əsnasında nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Efiopiya Federativ Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələrə dair Anlaşma Memorandumu”-nu imzaladılar.

Görüşdən sonra Nazir Elmar Məmmədyarov Efiopiyaya səfər və keçirilmiş görüşlər haqqında Efiopiya KİV-nin suallarını cavablandırdı.  

Arxiv üzrə axtarış