2017-12-15

Azərbaycan Respublikasının nümayəndə heyəti BMT-nin Ətraf Mühit üzrə 3-cü Assambleyasında iştirak edib

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini cənab Firdovsi Əliyevin başçılıq etdiyi nümayəndə heyəti 2017-ci il 4-6 dekabr tarixlərində Keniyanın Nayrobi şəhərində keçirilmiş BMT-nin Ətraf Mühit üzrə 3-cü Assambleyasında iştirak edib.

Assambleyada çıxış edən nazir müavini F.Əliyev tədbir iştirakçılarına son illər ərzində Azərbaycan Respublikasın ətraf mühitin mühafizəsi sahəsində əldə etdiyi uğurlarından bəhs edərək, ölkəmizdə bu istiqamətdə həyata keçirilən fəaliyyətlər, o cümlədən su ehtiyatlarının və təhlükəli tullantıların səmərəli idarə olunması, meşəsalma tədbirləri, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, milli monitorinq və hidrometeorologiya sisteminin modernləşdirilməsi barədə geniş auditoriyaya məlumat verib. Nazir müavini Ermənistanın Azərbaycan torpaqlarının 20% işğal etdiyini və bunun nəticəsində həm Cənubi Qafqaz regionunda, həm də ölkəmizin işğal olunmuş ərazilərində ekoloji vəziyyətin təhlükə altında olduğunu, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulmuş hədəflərə çatmaq üçün davamlı inkişaf gündəliyində duran məsələlərin həllində əngəllər yaratdığını görüş iştirakçılarının diqqətinə çatdırıb.

Assambleya çərçivəsində nazir müavini F.Əliyev BMT-nin Ətraf Mühit Assambleyasının yeni seçilmiş sədri, Estoniya Republikasının Ətraf Mühit naziri Siim Kiisler ilə görüşərək,ona səmimi təbriklərini çatdırıb və bu məsuliyyətli vəzifədə uğurlar arzulayıb. Daha sonra gündəlikdə duran cari ekoloji məsələlərə dair fikir mübadiləsi aparılıb, Azərbaycan Respublikası ilə Estoniya Respublikası arasında ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi və bu sahədə hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi qeyd olunub.

Tədbir zamanı nazir müavini F.Əliyev həmçinin Litva Respubılikasının Ətraf Mühit Naziri Kestutis Navickas ilə görüşü zamanı ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.

Assambleyada iştirak çərçivəsində BMT-nin Ətraf Mühit üzrə Proqramının İcraçı direktoru Erik Solheym ilə keçirilən görüşdə belə mötəbər tədbirin təşkilinə, habelə Assambleyanın hazırlıq mərhələsində konstruktiv dialoq və səmərəli əməkdaşlığa görə minnətdarlıq bildirilib və tərəflər arasında səfərlər mübadiləsinin vacibliyi qeyd olunub.

Arxiv üzrə axtarış