2018-02-26

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Efiopiyanın Dövlət Qulluğu Universitetində tədbir keçirilib.

Tədbirdə Universitetdə magistratura və doktorantura üzrə təhsil alan tələbələr, müəllimlər və professorlar iştirak ediblər.

Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və qanlı səhifələrdən biri kimi daxil olduğunu qeyd edib. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı soyqırımı törətdiyini vurğulayıb. Səfir Ermənistan silahlı qüvvələrinin Xocalıya hücumu zamanı 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın valideynlərdən birini itirdiyini diqqətə çatdırıb. Həmçinin səfir E.Abdullayev artıq 16 ölkənin, habelə ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanları tərəfindən Xocalı soyqırımının tanındığını bildirib.

Cinayətkar hərbi diktatura rejimi tərəfindən idarə olunan Ermənistanın beynəlxalq ictimaiyyətin mövqeyinə qarşı hörmətsizlik nümayiş etdirdiyini vurğulayan səfir Azərbaycan ərazisinin 20 faizinin hələ də işğal altında qaldığını, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinin yerinə yetirilmədiyini, bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün öz tarixi torpaqlarına geri dönə bilmədiklərini qeyd edib. Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş bir cinayət olduğunu deyən səfir E. Abdullayev vurğulayıb ki, bu əməlinə görə Ermənistanın hazırkı cinayətkar hakimiyyəti beynəlxalq ictimaiyyət qarşısında cavab verməlidir.

Səfir dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının Xocalıda törədilmiş bu cinayətlərə hüquqi-siyasi qiymətin verilməsinə yönəldiyini bildirib.

Tədbirdə Xocalı soyqırımından bəhs edən “Zülmətdən qaçarkən” sənədli filmi nümayiş olunub.

Arxiv üzrə axtarış