2020-08-19

Efiopiya qəzeti ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında böyük və tarixi xidmətlərindən yazıb

Efiopiyanın yüksək tirajlı və aparıcı nəşrlərindən olan “Capital” (Kapital) qəzetində Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında böyük və tarixi xidmətlərinə həsr olunmuş “Heydər Əliyev – Böyük tarixi missiyalı Ümummilli Lider” başlıqlı geniş məqalə dərc edilib.

Məqalədə Ulu Öndərin müasir Azərbaycan dövlətinin memarı və qurucusu kimi, Azərbaycanın müstəqilliyinin qorunması və gücləndirilməsi, milli birliyin ideoloji əsasını təşkil etmiş Azərbaycançılıq məfkurəsinin yaradılması, dövlət quruculuğu, bütün regiona sülh və inkişaf gətirmiş nəhəng beynəlxalq layihələrin təsis edilməsi və digər misilsiz xidmətləri barədə ətraflı məlumatlar yer alıb. Xüsusi olaraq vurğulanıb ki, 1993-cü ilin may-iyun aylarında vətəndaş müharibəsi, anarxiya və tamamilə süqut vəziyyətində olan və torpaqlarının 20 faizindən çoxunun Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanda xalqın israrlı təkidi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı nəticəsində stabillik və təhlükəsizlik bərqərar edilib, ölkənin bütün sahələrində uzunmüddətli inkişafına təkan verən siyasi kursun həyata keçirilməsi təmin olunub.

Məqalədə Azərbaycan tərəfindən “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Cənub Qaz Dəhlizi və digər nəhəng beynəlxalq və regional layihələrin ulu öndər Heydər Əliyevin uzaqgörən siyasi baxışları və qətiyyətli qərarları nəticəsində həyata keçirilməsinin mümkün olduğu vurğulanıb.

Yazıda Ulu Öndərin zəngin və keşməkeşli həyat yolu haqqında da məlumat verilərək Heydər Əliyevin SSRİ-nin rəhbərlərindən biri kimi dövrün ən görkəmli dövlət xadimlərindən biri olduğu və 1990-cı ildə Sovet qoşunlarının Bakı şəhərində qanlı qırğın törədilməsi ilə əlaqədar olaraq, ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, bu cinayət hadisəsini törədənlərin və təşkilatçıların cəzalandırılmasını tələb etdiyi bildirilib.

Məqalədə, həmçinin Azərbaycan xalqının öz Ümummilli Liderinin xatirəsini hər zaman böyük sevgi və ehtiramla yad etdiyi xüsusi olaraq vurğulanıb və ulu öndər Heydər Əliyevin hakimiyyətə dönüşünün – 15 iyun tarixini Azərbaycanın Milli Qurtuluş Günü elan edildiyi qeyd edilir.

Arxiv üzrə axtarış