Efiopiya qəzetləri ulu öndər Heydər Əliyev haqqında məqalələr dərc edib
Efiopiyanın geniş oxucu kütləsinə malik “Addis Fortune” və “Reporter” qəzetlərində ulu öndər Heydər Əliyev haqqında məqalələr dərc edilib.
Məqalələrdə müasir Azərbaycanın banisi və memarı ümummilli lider Heydər Əliyevin vətəndaş müharibəsi, anarxiya və süqut vəziyyətində olan və torpaqlarının 20 faizindən çoxunun Ermənistan tərəfindən işğal edilmiş ölkəmizin müstəqilliyinin qorunması, milli birliyimizin əsasını təşkil edən azərbaycançılıq məfkurəsinin yaradılması, dövlət quruculuğu kimi misilsiz xidmətləri barədə ətraflı məlumatlar əks olunub. Məqalələrdə xalqının israrlı təkidi ilə Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı nəticəsində ölkəmizdə sabitlik və təhlükəsizliyin bərqərar olunduğu və respublikamızın uzunmüddətli inkişafa yönəldiyi bildirilir.
Həmçinin qeyd olunub ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyətli qərarları nəticəsində “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Cənub Qaz Dəhlizi və digər nəhəng tarixi layihələr həyata keçirilib.
Yazılarda Ulu Öndərin şərəfli ömür yolu və zəngin fəaliyyəti haqqında məlumat verilərək, Heydər Əliyevin SSRİ-nin rəhbərlərindən biri kimi ən görkəmli dövlət xadimlərindən olduğu vurğulanır. 1990-cı ildə sovet qoşunlarının Bakı şəhərində törətdiyi 20 Yanvar faciəsinin ertəsi günü Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu cinayəti törədənlərin və təşkilatçıların cəzalandırılmasını tələb etdiyi bildirilir.
Məqalələrdə, həmçinin ümummilli lider Heydər Əliyevin hər zaman xalqına bağlı olduğu və həyatını məhz öz xalqına həsr etdiyi vurğulanır. Dahi şəxsiyyətin adının Vətənə sədaqət rəmzinə çevrildiyi və Azərbaycan xalqının onun xatirəsini hər zaman böyük sevgi və ehtiramla yad etdiyi qeyd olunur.