Efiopiya KİV-lərində Azərbaycanın Milli Qurtuluş Günü haqqında məqalələr dərc edilib
Səfir Elman Abdullayevin Efiopiyanın ENA (Ethiopian News Agency) dövlət xəbər agentliyində, böyük oxucu kütləsinə malik olan “Reporter” və “Addis Fortune” qəzetlərində xalqımızın Ümummilli Lideri və müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xilaskar və quruculuq missiyasına həsr olunmuş silsilə məqalələri dərc olunub. Məqalələr ingilis, amhar ve afaan oromo dillərində çap edilib.
Yazılarda Ulu Öndərin müasir Azərbaycan dövlətinin memarı və qurucusu kimi, Azərbaycanın müstəqilliyinin qorunması və gücləndirilməsi, milli birliyimizin ideoloji əsasını təşkil edən azərbaycançılıq məfkurəsinin yaradılması, dövlət quruculuğu, regiona sülh və inkişaf gətirmiş nəhəng beynəlxalq layihələrin təsis edilməsi və digər misilsiz xidmətləri barədə ətraflı məlumatlar yer alır. Vətəndaş müharibəsi, anarxiya və tamamilə süqut vəziyyətində olan və torpaqlarının 20 faizindən çoxunun Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanda xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı nəticəsində sabitlik və təhlükəsizliyin bərqərar olunduğu, ölkənin bütün sahələrində uzunmüddətli inkişafa təkan verən siyasi kursun həyata keçirildiyi vurğulanır.
Məqalələrdə “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Cənub Qaz Dəhlizi və digər nəhəng beynəlxalq və regional layihələrin ulu öndər Heydər Əliyevin uzaqgörən siyasi baxışları və qətiyyətli qərarları nəticəsində həyata keçirilməsinin mümkün olduğu qeyd edilir.
Efiopiya mətbuatında Ulu Öndərin zəngin və keşməkeşli həyat yolu haqqında da məlumat verilərək, Heydər Əliyevin SSRİ-nin rəhbərlərindən biri kimi dövrün ən görkəmli dövlət xadimlərindən biri olduğu və 1990-cı ildə sovet qoşunları tərəfindən Bakı şəhərində qanlı qırğının törədilməsi ilə əlaqədar olaraq, ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, bu cinayət hadisəsini törədənlərin və təşkilatçıların cəzalandırılmasını tələb etdiyi bildirilir.
Məqalələrdə, həmçinin Azərbaycan xalqının öz ümummilli liderinin xatirəsini hər zaman böyük sevgi və ehtiramla yad etdiyi xüsusi olaraq vurğulanır və ulu öndər Heydər Əliyevin hakimiyyətə dönüşünün – 15 iyun tarixinin Azərbaycanın Milli Qurtuluş Günü elan edildiyi qeyd olunur.