Hava nəqliyyatı vasitəsilə giriş-çıxış qaydalarına dəyişiklik edildi ________________________________________
Ölkəmizdə həyata keçirilən sistemli tədbirlər, həmçinin uğurlu vaksinasiya proqramı nəticəsində Azərbaycanda epidemioloji vəziyyət yaxşılaşmaqda davam edir.
Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazə tələbinin mərhələli şəkildə ləğv olunması barədə qərarına uyğun olaraq ilkin mərhələdə 10 iyun tarixindən xarici vətəndaşlarının hava yolu ilə Azərbaycan Respublikasının ərazisinə səfərlərdə yumşalmalar tətbiq edilmişdir.
Bu prosesin davamı olaraq, növbəti mərhələdə vaksinasiyanın əhatəlilik dairəsinin daha geniş olduğu ölkələrdə epidemioloji vəziyyətin davamlı formada yaxşılaşmasını nəzərə alaraq, 21 iyun tarixindən etibarən aşağıda qeyd olunan ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər edə bilməsinə icazə verilir:
-ABŞ
-Bahreyn
-Birləşmiş Ərəb Əmirlikləri
-Böyük Britaniya
-İsrail
-Macarıstan
-Qətər
Qeyd olunan ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasına səfər etməsi üçün aşağıdakı tələblər gözlənilməlidir:
-yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVİD-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVİD Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması;
-1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması.
Yaşı 1 yaşdan aşağı olan uşaqlar üçün COVİD pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur.
Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar. Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman müəyyən edilmiş tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılır.