2016-10-11

Prezident İlham Əliyev Afrika İttifaqının siyasi məsələlər üzrə komissarını qəbul edib

Prezident İlham Əliyev Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Aişə Abdullahini qəbul edib.

Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan dövlətimizin başçısı ilk dəfədir Afrika İttifaqından olan nümayəndələrin Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməsini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi. Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Aişə Abdullahinin Azərbaycana ilk səfərinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev səfərin, həmçinin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını vurğuladı.

Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Aişə Abdullahi Azərbaycan ilə əməkdaşlıq əlaqələrinə toxunaraq, təmsil etdiyi qurumun bu əlaqələrə xüsusi önəm verdiyini dedi. Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edən qonaq Bakının çox gözəl şəhər olduğunu söylədi. Səfərindən öncə ölkəmizin tarixi ilə maraqlandığını deyən Aişə Abdullahi müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın bütün sahələrdə, o cümlədən davamlı inkişaf, düzgün idarəçilik, sülhün təmin olunması kimi məsələlər baxımından müasir və nümunəvi bir ölkəyə çevrildiyini qeyd etdi. Aişə Abdullahi bu sahələrdə də Afrika İttifaqı ilə qarşılıqlı əməkdaşlığın faydalı ola biləcəyini vurğuladı.

Arxiv üzrə axtarış